AQRO

06 İyul

Aqrobağların salınması üçün təcrübəmizi Azərbaycanla paylaşmaq niyyətindəyik - Türkiyəli mütəxəssis

Aqrobağların salınması üçün təcrübəmizi Azərbaycanla paylaşmaq niyyətindəyik.

Bunu Ekologoya və Təbii Sərvətlər Nazirliyin dəvəti ilə Azərbaycanda olan Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin əməkdaşı, meşə sahəsi üzrə mütəxəssis İsmet Erol deyib.

Onun sözlərinə görə, meşə fonduna aid ərazilərin aqrobağların yaradılması üçün sahibkarlara icarəyə verilməsi təcrübəsi Türkiyədə də geniş yayılıb. Mütəxəssis bu sahədə təcrübələrin paylaşılması üçün ölkəmizdə olduğunu bildirib: "Hazırda Türkiyə meşəçiliyi dünyada bir çox məsələdə, xüsusilə erroziyanın nəzarətdə saxlanılması, meşə yanğınlarının qarşısının alınması, yaşıllıqların artırılması və s. üzrə ən öndədir. Biz təcrübələrimizi paylaşmaq istəyirik ki, Azərbaycan bu sahədə bizim itirdiyimiz vaxtı itirmədən daha tez inkişaf etsin. Bu çərçivədə meşələrin qorunması xidmətlərinə baxdığımız zaman, xüsusi yaşıllıq zonalarının yaradılması mühüm məsələdir. Xüsusi yaşıllıqların yaradılması çərçivəsində meşə sahələrinə yaxın yerlərdə bölgəyə uyğun meyvə ağaclarının əkilməsi prioritetdir. Bəzən ölü ağaclar, kol-kos çıxarıla bilər. Lakin kiçik fədakarlıqlar edilməzsə, böyük fotonu görə bilməzsiniz. Geniş sahədə minlərlə qoz, şabalıd, badam ağacının əkildiyi yerdə iki-üç kolu əsas götürsək, heç bir inkişafa nail ola bilmərik. Ona görə, bu sahədə fəaliyyət göstərən qurumlara güvənmək lazımdır. Bəzən nöqsanlar ola bilər. Vəzifəsini lazımınca yerinə yetirə bilməyən şəxslər ola bilər. Lakin bu, ümumilikdə görülən işə kölgə salmamalıdır".

© Trend