AQRO

05 İyul

Pambıq sovkasına qarşı mübarizəni necə aparmalı - fermerlərə TÖVSİYƏ

Pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Aprelin axırları, may ayının əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Bir dişi kəpənək 500-3000-ə qədər yumurta qoya bilir. 3-5 gün ərzində yumurtalardan çıxan tırtıllar böyümə zamanı (12-15 gün) 4 yaş mərhələsi keçirir. Pambıq əkinlərində sovka 3 nəsil verir.

Zərəri: Pambıq sovkasının tırtılı, əsasən qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq, məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Daxildən yeyilmiş qönçələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir, bəziləri böyümədən qalır, qozalarda lifin keyfiyyəti pisləşir. Pambıqdan başqa, 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır.

Aqrotexniki mübarizə

  • qışlayan pupları məhv etmək üçün sahələrdə iki yaruslu və ya ön kotancıqlı

kotanla 30-32 sm dərinlikdə qış şumu və qış suvarması aparılmalı;

  • sovkaya davamlı sortlardan istifadə olunmalı;
  • cərgəarası kultivasiya aparılmalı, kolların dibi kətmənlənməli;
  • normaya uyğun yemləmə gübrəsi verilməli;
  • pambıq kollarında ucvurma vaxtında həyata keçirilməli və bitki qalıqları sahədən çıxarılmalıdır.

Bioloji mübarizə:

  • mübarizə tədbirlərinin vaxtında aparılması üçün feromon tutuculardan istifadə edilməsi tövsiyə olunur;
  • sovkanın təbii düşmənləri trixoqramma və habrobrakon kimi faydalı həşəratlardan istifadə edilir;
  • trixoqrammanın sahəyə 1-ci buraxılışı feromon tutucularda 2-3 kəpənək müşahidə

edildikdən 5-6  gün sonra, 2-ci buraxılışı isə birincidən 6-7 gün sonra həyata keçirilir;

  • hər nəslə qarşı 3-4 dəfə və hər hektara 60-70 min fərd olmaqla trixoqramma tətbiq edilir;
  • hər nəslə qarşı 3 dəfə və hər hektara 0.5-2.0 min fərd olmaqla habrobrakon tətbiq edilir;
  • faydalı həşəratların sahəyə buraxılışı saat 7:00-dan 11:00- dək və ya 16:00-dan 20:00 – dək əl və ya digər mümkün üsullarla (dron və s.) aparılır;

Faydalı həşəratların əldə olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin müvafiq Regional Mərkəzlərinə müraciət edə bilərsiniz.

  • Kimyəvi mübarizə:
  • zərərvericinin yayılma dərəcəsi (iqtisadi ziyanlı hədd) nəzərə alınmalı və dərmanlamanın məqsədəuyğunluğu müəyyən edilməlidir;
  • mübarizə yalnız sirayətlənmiş sahələrdə və tırtılların insektisidlərə həssas olduğu kiçik yaşlarında aparılmalı;
  • davamlılıq yaratmasın deyə müxtəlif təsir mexanizminə malik insektisidlərin birgə istifadəsi tövsiyə edilir;
  • I və II nəslə qarşı birinci dərmanlamanı təsiredici maddələri Lyamda-siqalotrin(0,1 l/ha) + Primifos metil (0,8l/ha) qarışığı ilə, ikinci çiləməni Lyamda-siqalotrin (0,1 l/ha) + Lufeniron (0,3 l/ha) və s. ilə aparmaq səmərəlidir; pambıq sovkasına ikili təsir göstərən, tərkibində iki kimyəvi sinifə aid təsiredici maddə olan Lufoks Fenoksikarb 75 qr/l+Lufeniron 30 qr/l, Beta supermetrin 40 qr/l+Dimetoat 300 qr/l və ya İndoxacar tərkibli insektisidlərin tətbiqi daha məqsədəuyğundur.

 Pambığın zərərverici və xəstəliklərinə, o cümlədən pambıq sovkasına qarşı effektiv mübarizənin aparılması məqsədilə Aqrar Xidmətlər Agentliyinin Regional Bitki Mühafizə Mərkəzlərinə müraciət olunması tövsiyə olunur.