AQRO

23 İyun

Saxta kərə yağı istehsal edən şirkət aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan verilən məlumata görə, agentlik tərəfindən aparılan yoxlamalar zamanı “QZM Group” MMC-nin sifarişi ilə fiziki şəxs Mustafa Ramiq Nəbi oğlu tərəfindən istehsal olunan (03.02.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Allbuy” MMC tərəfindən istehsal olunan “Karvanka” (05.04.2021-ci il istehsal tarixli məhsul partiyası) və “Violetta” (01.12.2020-ci il istehsal tarixli məhsul partiyası) əmtəə nişanlı kərə yağının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadığı müəyyənləşdirilib.

Qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğun müəyyən edilməsi məqsədilə məhsullardan götürülən nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarında müayinələrə cəlb edilib. İstehsalçı tərəfindən məhsulun 82,5% duzsuz kərə yağı olduğu bəyan edilsə də, müayinələr nəticəsində məhsulun bitki mənşəli yağ olduğu aşkar olunub. Faktla bağlı sözügedən məhsul partiyalarının ticarət dövriyyəsindən geri çağırılması barədə qərar qəbul edilib, qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində tədbirlərini ardıcıl davam etdirir. İstehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.