AQRO

07 İyun

Azərbaycanda yeni tərəvəz növləri yaradılıb – FOTOLAR

Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda yeni tərəvəz və kartof sortlarının dequstasiyası keçirilib. Tədbirdə institutda yaradılmış dequstasiya komissiyasının üzvləri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin məsul şəxsləri, Nazirliyin elmi-tədqiqat institutlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər. Yeni yaradılmış sortlar haqqında institutun rəhbəri Elmar Allahverdiyev və seleksiyaçı alimlər iştirakçılara ətraflı məlumat veriblər.

Dequstasiya üçün institutun seleksiyaçı alim və mütəxəssisləri tərəfindən yaradılmış pomidor,  bibər,  xiyar və kartof bitkilərinin yeni sortları təqdim olunub. Təqdim olunmuş tərəvəz və kartof sortları təyinatına, yetişkənliyinə, biokimyəvi tərkibinə görə bir-birindən fərqlənir.

Yeni sortlar bir neçə parametr üzrə qiymətləndirilib. Belə ki, burada meyvələrin dad keyfiyyəti, əmtəllik forması, biokimyəvi tərkibi və digər parametrlər əsas götürülüb. Qiymətləndirmə beş ballıq sistem üzrə aparılıb. Burada pomidorun 10, xiyarın 3, bibərin 2 və kartofun 6 yeni sortu təqdim olunub. Pomidor, xiyar və bibər sortlarının istixana şəraitində becərilməsi nəzərdə tutulur.