Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Tərtər rayonunda növbəti SCADA sistemli subartezian quyusunu istifadəyə verib.
Fins.az məlumatına görə, istifadəyə verilən subartezian quyusu Tərtər rayonunda sayca 23-cüdür. Rayon ərazisində daha 21 quyunun istifadəyə verilməsi ilə bağlı işlər görülür.
Qurumun Mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov Trend-ə bildirib ki, ümumilikdə Tərtər rayonunda 44 subartezian quyusu var: "Artıq onlardan 23-də SCADA sistemi quraşdırılıb. Bu il ərzində digər 21 quyuda SCADA sistemi quraşdırılacaq.
Respublika ərazisində əkinlərin su təminatının yaxşılaşdırılması məqsədilə bu günə qədər qazılan subartezian quyularında SCADA sistemi tətbiq edilib. Artıq 14 rayonda SCADA sisteminə qoşulan 517 subartezian quyusundan əkinlərin suvarılmasında istifadə edilir.
Mərkəzdən idarə olunan bu sistem zamanı subartezian quyularına videogörüntü ilə nəzarət etmək, quyunu işə salmaq, suvarma başa çatdıqda söndürmək mümkündür. Yeni sistem əllə nəzarət, avtonəzarət və zamanlı nəzarət rejimləri vasitəsilə idarə olunur. Əllə nəzarət rejimi ilə subartezian quyusunu nəzarətçilər işə sala və ya söndürə bilərlər. Avtonəzarət rejimində isə subartezian quyusunun işə salınması və ya söndürülməsi yalnız mərkəzdən həyata keçirilir. Zamanlı nəzarət rejimində isə subartezian quyusu əvvəlcədən müəyyən olunmuş zaman müddətində işləyir, vaxt tamam olanda isə avtomatik sönür. Yeni sistemlə elektrik enerjisi sərfiyatına, quyudakı suya, dərinlik nasosuna nəzarət etmək olur, su itkisinin qarşısı alınır".
Bu il və gələcəkdə yeni qazılan bütün subartezian quyularında SCADA sisteminin tətbiq edilməsi nəzərdə tutulur.