AQRO

31 May

Ağsuda sahələrdən sarımsaq yığımı davam edir

Ağsu rayonunda cari mövsümdə sarımsaq əkini sahələrində bol məhsul yetişdirilib və hazırda yığım davam edir.

Yerli bazarlarda heç də az tələbat olmayan sarımsaq rayonun daha çox Ərəbuşağı inzibati ərazi dairəsini əhatə edən Ərəbuşağı, Ağalarbəyli, Maşadqanlı və Ağarx kəndlərində becərilir. Bu ərazilərdə sarımsaq əkini ailə fermer təsərrüfatları və fiziki şəxslər üçün artıq ənənəvi təsərrüfat sahəsi sayılır. Cari mövsümdə 44,2 hektarda sarımsaq yetişdirilib ki, bu da ötən ildəkindən 4,2 hektar çoxdur.

Qeyd edək ki, hər hektar sahədən orta hesabla 70 sentner məhsul götürülür. Mütəxəssislər nümayəndəlik üzrə 300 tona yaxın sarımsaq tədarük olunacağını proqnozlaşdırırlar. Bir sıra ailə fermer təsərrüfatlarında, o cümlədən Ərəbuşağıdan İmran Qədirovun, Əyyub Cəlilovun, Ağalarbəylidən Təbiət Abdullayevin ailə fermer təsərrüfatları daha yüksək göstəriciyə nail olublar. İmran Qədirov söhbətində deyib: “Sarımsaq əkini çox sərfəli sahədir. Yaxşı gəlir gətirir. Əlbəttə, sarımsaq əkib-becərmək ağır zəhmət tələb edir. Lakin gəlirli sahə olduğu üçün bu işlə məşğul olmaqda çox maraqlıyıq və cari mövsümdə bir hektardan çox ərazidə məhsul yetişdirmişik. Əkində, eləcə də becərmə və yığımda əlavə işçi qüvvəsi də cəlb edirik. Bu il 10 tondan çox məhsul gözləyirik. Satış üçün sifarişlər də almışıq”.