AQRO

31 May

Barama qəbuluna başlanılıb

Ağsu rayonunda kümçülər yeni istifadəyə verilən barama emalı məntəqəsində yetişdirdikləri məhsulun təhvilinə başlayıblar.

Baramaçılıq rayonda ənənəvi təsərrüfat sahələrindəndir. Cari ildə bölgədə 62 kümçü tərəfindən 120 qutu ipəkqurdu toxumu bəslənilib və bol məhsul yetişdirilib. Yetişdirilən məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul olunur.

Barama qəbulunun ilk günündə rayon rəhbərləri, əlaqədar təşkilatların nümayəndələri, mütəxəssislər də məntəqəyə gəlib, kümçülərlə görüşüb, təhvilvermə prosesi ilə maraqlanıblar. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov kümçülərlə görüşdə Ağsuda ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişaf etdirilməsində onlara uğurlar arzulayıb, bu sahədə lazımi köməyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, mütəxəssislər cari mövsümdə rayonda 5 ton barama yetişdiriləcəyi qənaətindədirlər. Bunu peşəkar kümçülərin əldə etdikləri yaş barama məhsulu bir daha təsdiq edir. Belə ki, Ərəbuşağı ərazi icra nümayəndəliyindən Sənan Səlimovun, Qaraqoyunludan Abid Hacıyevin, Sabir Əhmədovun, Ərəbmehdibəydən Nail Abdullayevin və başqalarının əldə etdikləri nəticələr gözlənildiyindən də yaxşı olub. 40 qram ipəkqurdu toxumundan 150 kiloqram yaş barama götürən Abid Hacıyev açıqlamasında deyib: “Baramaçılıqla uzun illərdir ki, məşğul oluruq. Ailəm 6 nəfərdən ibarətdir. Hamımız kümçülüyün, necə deyərlər, incəliklərini bilirik. Bu iş ailəmiz üçün yaxşı gəlir gətirir. Cəmi bir aya xeyli qazanc götürürük. Gələn mövsüm də toxum götürəcəyik. Bunun üçün bəsləmə otağını genişləndirməyi, əlavə tut bağı salmağı planlaşdırmışıq”.