Nazir İnam Kərimov Şamaxı və Ağsuda yeni inşa edilən kənd təsərrüfatı müəssisələrində olub, fermer təsərrüfatlarına baş çəkib
Nazir İnam Kərimov Şamaxı və Ağsu rayonlarına səfər edib, bu rayonlarda inşa edilməkdə olan kənd təsərrüfatı müəssisələrinə baş çəkib, taxıl biçininə hazırlıq işləri ilə tanış olub, intensiv bağlarda və heyvandarlıq məüssisələrində görülən işlərlə maraqlanıb.
Şamaxı rayonunda filokseraya davamlı calaqaltı üzüm tingçiliyi müəssisəsi inşa olunub. Kompleksin ərazisində 10 hektar sahədə süfrə üzümü, 10 hektar sahədə isə texniki üzüm sortları əkilib. Daha 10 hektar ərazidə isə filokseraya davamlı calaqaltı bağı salınıb. Kompleks yaxın zamanlarda tam istifadəyə hazır olacaq. Burada filokseraya davamlı üzüm calaqaltılarının kütləvi istehsalı nəzərdə tutulur.
Bu il Ağsuda yeni baramaqurutma məntəqəsi inşa edilərək istifadəyə verilib. 2021-ci il mövsümündə bu müəssisədə ilk dəfə ipəkqurdu toxumunun inkubasiyası həyata keçirilib, Ağsu və Hacıqabul rayonlarından olan kümçülərə təhvil verilib. Hazırda rayonda yaş baramanın qəbuluna hazırlıq gedir, kümçülərdən alınacaq yaş barama bu müəssisədə toplanaraq “Azərİpək” ASC-yə təhvil veriləcək.
“Aqroservis” ASC-nin Ağsu rayon bölməsində taxıl biçininə hazırlıq prosesi başa çatmaq üzrədir. Mexanizatorlar təlimlərə cəlb olunub, ilkin mərhələdə 25 mexanizator yeni istifadəyə verilən “AgroUber” mobil tətbiqində qeydiyyatdan keçib. Yaxın günlərdə daha 20 mexanozatorun bu tətbiqdə qeydiyyatdan keçəcəyi gözlənilir. Rayon bölməsində olan kombaynlara texniki baxış başa çatıb, təmir işləri yekunlaşıb.
Dövlət dəstəyinin genişləndirilməsi səbəbilə Ağsuda son illər intensiv bağların salınmasına maraq artıb. Rayonun Qaraqoyunlu kəndində müasir üsulla salınmış alça bağında məhsul yığımına başlanıb. 11 hektar sahədə salınmış bağda müasir damla sulama sistemi quraşdırılıb, hər hektara vegetativ calaqaltısı olan 880 ting əkilib. Ötən il məhsula düşmüş bağda bu mövsüm ümumilikdə 45-50 ton alça yığılması proqnozlaşdırılır.
Çiyni kəndində isə 42 hektar sahədə salınmış intensiv badam bağında məhsul yığımı ərəfəsində son aqrotexniki işlər aparılır. Bağda tozlanmanın daha keyfiyyətli aparılması üçün əraziyə 200 arı pətəyi gətirilib. Cərgələr arasında şum aparılır, dərmanlama həyata keçirilir. Üç yaşı olan bağda bu il hər hektardan 6-7 ton məhsul yığılacağı gözlənilir. Bağ tam məhsula düşdükdən sonra orta məhsuldarlıq daha da artacaq. Ağsunun təbii-coğrafi iqlim şəraiti alça, badam, nar, əncir, zeytun yetişdirməyə imkan verir.
Nazir Ağsu rayonunda müasir heyvandarlıq müəssisələrinə baş çəkib, görülən işlərlə tanış olub.