AQRO

21 May

Salyanda ilin ötən ayları ərzində 17 min tondan çox süd istehsal olunub

Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindəndir. Rayonda heyvandarlığın inkişafına xüsusi diqqət yetirildiyindən hər il bu sahədə yaxşı nəticələr qazanılır, mal-qaranın sayı çoxalır, heyvandarlıq məhsulları istehsalında yaxşı nəticələr əldə olunur.

Rayon statistika idarəsindən verilən məlumata görə, hazırda rayonun ayrı-ayrı heyvandarlıq kompleksləri və fərdi təsərrüfatlarında 63 min 136 baş iribuynuzlu mal-qara, 185 min 345 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 baş çoxdur. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərir. Cari ilin dörd ayı ərzində rayonda 3 min 341,9 ton ət (diri çəkidə), 17 min 880,3 ton süd və 10 milyon 986 min ədəd yumurta istehsal olunub ki, bu da ötən ilin eyni dövründə istehsal olunan ətdən 2,7 faiz, süddən 1,1 faiz və yumurtadan isə 1 faiz çoxdur.

Rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması sahəsində də yaxşı nəticələr qazanılıb. Dövlətin süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara əlavə subsidiyaların verilməsi və bu yolla alınan heyvanların ət və südünün yerli heyvanlardan çox olması fermerlərin bu sahəyə marağını daha da artırıb. Bu səbəbdən də hazırda rayonda heyvandarlıq təsərrüfatlarında mövcud olan mal-qaranın 75-80 faizini cins tərkibini yaxşılaşdırılmış heyvanlar təşkil edir.

Qeyd edək ki, ötən il rayonda süni mayalanma aparılmış 5 min 778 ana inək və düyədən 4 min 157 baş buzov alınıb. Bu da hər 100 baş inəyə 71 baş buzov deməkdir.