AQRO

20 May

Fermerlər üzüm bitkisinə aqrotexniki qulluq işləri ilə bağlı maarifləndiriliblər

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri tərəfindən üzümçü fermerlər üçün “Üzüm bitkisinə aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri və təhlükəsizlik qaydalarına əməl olunması” mövzusunda təlim keçirilib.

Regional mərkəzdən verilən məlumata görə, Şəki rayonundakı özəl təsərrüfatlardan birində keçirilən təlim zamanı fermerlərin diqqətinə çatdırılıb ki, üzümlüklərin tez məhsula düşməsi, tənəklərin uzunömürlü olması, həmçinin mövcud bağların daha çox məhsul verməsi üçün üzüm bağlarına aqrotexniki qaydada qulluq olunması çox vacibdir. Tənəklərə əlavə yemləmə gübrəsi verilməli, suvarılmalı, cərgəaraları şumlanmalı, tənək dibləri bir neçə dəfə yumşaldılmalı, alaq otları təmizlənməlidir.

Fermerlərə tövsiyə olunub ki, xəstəlik və zərərvericilərlə mübarizə məqsədilə çiləmə üsulu ilə “göydaş” mayesindən və fungisidlərdən istifadə edilməlidir. Əgər çiləmə təkrar olunmazsa fotosintez prosesi zəifləyir, nəticədə tənəyin yeraltı və yerüstü orqanlarının inkişafı normal getmir və zoğlar yaxşı yetişmədiyindən bar gözləri formalaşmır.

Təlim zamanı fermerlərə şum işlərinin aparılması, cərgəaralarının təmizlənməsi, dərman çilənməsi zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.