AQRO

20 May

Ordubad əriyi necə becərilməlidir? - QAYDALAR

Ordubad meyvələrindən ən məşhuru ərikdir. Ordubad əriyi vaxtilə “Çörək ağacı” adı ilə dillər əzbəri olub. İkinci Dünya müharibəsi illərində Ordubad əriyini Azərbaycanın digər rayonlarında buğda ilə dəyişirdilər.

Əriyin rayonumuzda 30-dan çox növünün olması məlumdur. Abutalibi, balyarım, növrəst, ağ və qırmızı təbərzə, badami, ağ ərik, haqverdi, ağcanabaş, xosrovi, qara ərik, hamna ərik, əsgərabad, limon ərik, şalax, qırmızıyanaq, qırmızı partizan, fındığı ərik, kababı, göy ərik və sairə sortları rayonumuza müvəffəqiyyətlə becərilib. Bu meyvələrdən qax, konserv məhsulları, miyanpur, kompot, cem, lavaş hazırlanıb. Ərik əsasən kaliumla zəngin olub tərkibində 9-10 mikroelement, vitaminlər, turşular və sairə vardır. Qurudulduqda şəkərliliyi artır və ən gözəl çərəzlərdən sayılır. Son vaxtlar ərik ağaclarının qurumasını araşdırdıqda məlum olur ki, xəstəliklərin artması dərman və preparatların azalması və ya keyfiyyətsizliyi, ağaclara vaxtında edilməyən aqrotexniki qulluq əsas səbəblərdəndir. Əlavə olaraq bəzi insanların torpaqdan uzaq düşməsi, ixtisaslı aqronomların azalması da meyvə ağaclarının sıradan çıxmasının səbəblərindəndir.

Ərik ağacı payız və yaz ayları rütubətlə az təmin olunmalıdır. Belə ki, barverən ağaclara ildə 15 dəfə suvarma təyin edilir. Birinci suvarma fevral ayında ərik ağacı çiçək açmazdan əvvəl, ikinci suvarma çaqqala dövrü aparılır. Apreldə bir dəfə, mayda üç dəfə, iyun-iyul aylarında səkkiz dəfə, sentyabr-oktyabrda iki dəfə, noyabrda bir dəfə, dekabrda isə bir dəfə don suyu verilməlidir. Əlavə olaraq ağac diblərinə edilən qulluq, mineral gübrələrin verilməsi, ağacın dibinin yumuşaldılması payız dövründə həyata keçirilməlidir. Yazda bu ağacların diblərini belləmək olmaz. Bundan başqa budama düzgün aparılmalı, böyük yaralar məlhəmlə, parafinlə və küllə örtülməlidir. Budamadan sonra ağaclara bir faizli mis kuporosu (göy daş) çilənməlidir ki, kəsik yaralar dezinfeksiya edilsin və kənardan gələn xəstəliklər məhv olsun. Rütubətli yaz aylarında – fevralın sonu martın əvvəlində tumurcuqlar şişməyə başlarkən ağaclar mis kuporosu ilə çilənməlidir.

Əriyin ən qorxulu xəstəliyi “Qara xərçəng”dir. Qabıqaltı bitlər vaxtında arıtlanıb dərmanlanmasa iki il ərzində ağaclar məhv olurlar. Əlavə olaraq qara ləkə, qəhvəyi pas və dəmgil xəstəlikləri də mövcuddur. Ərik ağacı mis kuporosu ilə yanaşı dəmir kuporosu ilə də çilənməlidir. İlk baharda bu çiləmələr vaxtında edilərsə ağaclar xəstəlikdən qurtular. Xəstəlik əsasən külək vasitəsilə yoluxur. Gözə görünməyən xəstəlik yayıcılar ağacın kəsik, qırıq və zəif budaqlarına düşür. Bunu adi gözlə təyin etmək çətindir. Əgər mütəxəssis həmin xəstəliyi aşkarlarsa dərmanlama vasitəsilə ağacların müalicəsi mümkündür. Bu zaman xəstə budaq, gövdə qaşınıb təmizlənərkən qopmuş qabıqları bir süfrəyə yığaraq aparıb sahədən kənarda yandırmaq lazımdır.

Əriyin ən çox tələb etdiyi gübrə kaliumdur. Odun külünün 30 faizi kaliumdur. Hər ağaca yaşından asılı olaraq 20-100 qram kalium verilməsi, eləcə də payızda şum altına fosfor və təbii gübrənin verilməsi ağacın xəstəlik və zərərvericilərə qarşı davamlı olmasını təmin edir. Yaxşı olar ki, həvəskar bağbanlar ərik dənəsini əkərək göyərən cır tingin üstündə calaq etməklə ağacı becərsinlər. Belə olduqda ağacın mil kökü qırılmır, ağac qüvvətli və dayanıqlı olur. Bu qayda bütün meyvə ağaclarında keçərlidir.

Ərik ağacına zərərverici bitlər az düşür. Belə hallar aşkar edilərsə zərərvericilərə qarşı-“Bi 58 novıy” preparatı yaxı nəticə verir. Dərmanlama aparılarkən əsas diqqət yetirilməli məsələ dərman qabın üstündə istifadə qaydasının olmasıdır. İstifadə müddəti də səlis oxunmalıdır. Əriyi quraqlıq yerlərdə badam ağaçına, normal yerlərdə alçaya, az rütubətli yerlərdə əriyə və şaftalıya calayırlar. Ərik öz-özünü tozlayan ağac olduğu üçün tozlanmaya ehtiyacı yoxdur. Bununla belə bir neçə sortun yan-yana əkilməsi daha məqsədəuyğundur.

Rahim Kərimov - Bağban