AQRO

17 May

Qaxda 384 hektar sahəyə tütün şitilləri köçürülüb

Builki mövsümdə Qax rayonunda 473 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Hazırda təsərrüfatlarda tütün əkini mütəşəkkil davam etdirilir. Fermerlər indiyədək 384 hektar sahəyə tütün şitilləri köçürüblər.

Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, builki mövsümdə qaxlı fermerlər 455 hektar sahədə “Virciniya botaniki”, 18 hektarda isə digər növ tütün yetişdirəcəklər. Tütün istehsalı ilə əlaqədar 50 fermerlə müqavilə bağlanılıb. Şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 8160 kvadratmetr olan sadə istixanalar hazırlanıb.

Xatırladaq ki, ötənilki mövsümdə rayonun torpaq mülkiyyətçiləri 496,4 hektar sahədən 755 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 202 tondan çox artıb.

Hazırda rayonun ailə təsərrüfatlarında ipəkqurdlarının yemlənməsi prosesi də davam etdirilir. Barama istehsal etmək üçün qaxlı kümçülərə 550 qutu, yəni 10 kiloqram 450 qram ipəkqurdu paylanılıb. Builki mövsümdə rayonda yaş barama istehsalının 22 tona çatdırılması qarşıya hədəf qoyulub.