AQRO

08 May

Şəkidə dənli-taxıl bitkilərinin aprobasiyasına dair seminar keçirilib

Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında müasir innovativ becərmə texnologiyalarının tətbiqi ilə yanaşı, keyfiyyətli toxumlardan istifadə daha yüksək nəticələr əldə etməyə şərait yaradır. Odur ki, toxumçuluq təsərrüfatlarında orijinal, super elit, elit və reproduksiyalı toxumların istehsalının təşkilində təcrübəli, peşəkar və elmi biliklərə malik mütəxəssislərin hazırlanması olduqca vacibdir.

Bu fikir Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyində fəaliyyət göstərən Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən keçirilən “Dənli-taxıl bitkilərinin toxumluq əkinlərində aprobasiya işinə hazırlıq, aprobasiyanın standartlara uyğun aparılması, toxumun kondissiyaya çatdırılması və sertifikatlaşdırılması” mövzusunda seminarda səsləndirilib. Tədbirdə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun və Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri iştirak ediblər.

Seminarda elmi-tədqiqat müəssisələrində orijinal, super elit, elit və reproduksiyalı toxum istehsalının təşkili, özəl toxumçuluq təsərrüfatlarında reproduksiyalı toxum istehsalının davam etdirilməsi, aprobasiya öncəsi toxumluq əkinlərdə sort və növ alağının aparılması, bitkilərin xəstəlik və zərərvericilərlə sirayətlənməsi, əkinin alaqlanma dərəcəsinin müəyyən edilməsi məsələləri geniş müzakirə olunub. Seminar iştirakçılarına, həmçinin mum yetişmə fazasında analiz üçün nümunə dərzlərinin götürülməsi, yığılmış toxumluq məhsulun kondissiyaya çatdırılması, toxumların laboratoriya şəraitində sortluq və səpin keyfiyyətinin müəyyən edilməsi və digər məsələlər barədə ətraflı məlumat verilib.

Seminar iştirakçılarının diqqətinə toxumluq əkinlərdə tarla nəzarətinin həyata keçirilməsi, bu sahədə mövcud beynəlxalq təcrübə, toxumların sertifikatlaşdırılması haqqında İSTA (Beynəlxalq Toxum Sınaq Assosiasiyası) qaydalarına dair məlumatlar çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.