AQRO

05 May

Yaş barama istehsalının 8,8 tona çatdırılması qarşıya hədəf qoyulub

Builki mövsümdə Oğuz rayonunda yaş barama istehsalının 8,8 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkəmizə gətirilən və Zaqatala Baramaqurutma Müəssisəsində inkubasiya olunmuş 220 qutu və ya 4 kiloqram 180 qram ipəkqurdu toxumu paylanılıb.

Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, cari mövsümdə rayonda ipəkqurdunun yemlənməsi ilə 65 kümçü ailəsi məşğul olacaq. Yaş barama tədarükünə iyunun əvvəllərində başlanılacaq.

Qeyd edək ki, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə son illər Oğuz rayonunda da zəruri işlər görülüb. Belə ki, 2016-2020-ci illərdə rayon ərazisində 144 mindən çox tut tingi əkilib. Bunun 83,5 min ədədi Çin Xalq Respublikasından ölkəmizə gətirilən calaq olunmuş, 60,9 min ədədi isə yerli tut tingləridir.