AQRO

03 May

Salyanda fermerlər qarpız əkininə böyük maraq göstərirlər VİDEO

Yayın əvəzedilməz, sərinləşdirici meyvəsi olan qarpızın vətəni Sabirabad olsa da, salyanlı fermerlərin də bu sahəyə marağı çoxdur. Hazırda Salyanda bir neçə yerdə qarpız əkininə start verilib.

Qarpız əsasən Salyanın Xələc, Marışlı, Noxudlu və Kürqaraqaşlı kəndlərinin ərazilərində əkilirdisə, bu gün artıq Qızılağac kəndinin sakinləri də təsərrüfatın bu sahəsinə olduqca maraqlıdır. Bu ərazilərdə yetişdirilən məhsul yüksək keyfiyyətinə görə seçildiyindən, hətta qonşu rayonlardan da qarpız əkib-becərməyə bura gələnlər var. Fermer Hidayət Əhmədov illərdir Salyanda qarpız əkini aparan onlarla belə fermerdən biridir: “Ötən il 4 hektar əkmişdik, yaxşı da məhsul götürdük. Hektara 50 ton qarpız yığdıq. Bu il də beş hektara yaxın sahədə qarpız əkirik. Yəqin ki, yaxşı məhsul götürərik. Çünki lazımi tədbirlərimizi görmüşük, heç bir problemimiz yoxdur”.

Sahələrdə qarpız şitilləri əkildikdən sonra üstünə ikiqat polietilen örtük çəkilir. Belə ki, həmin örtüklər arasında yaranan isti hava qatı şitillərin sürətlə inkişaf etməsinə şərait yaradır. Hazırda fermerin sahəsində 40 nəfər çalışır. İşçi qüvvəsinə günün sonunda yerindəcə ödəniş edilir. Bu da kənd əhalisinin sosial rifahının yüksəldilməsi deməkdir. Sahədə çalışanlar karantin rejiminin bütün qaydalarına ciddi əməl edirlər. Mütəxəssislər deyir ki, rayon ərazisində qarpızın xüsusi sortları əkilir. Əsasən qara, Hollandiyadan gətirilən “Karistan” və İran sortu olan “İbrit”in əkininə maraq daha çoxdur. Məhz bu sortlar rayon üçün olduqca xarakterikdir. Dövlət tərəfindən göstərilən diqqət, ayrılan subsidiyalar onu göstərir ki, gələcəkdə Salyan həm də ixtisaslaşmış bostançılıq rayonuna çevriləcək.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun müdiri Rişad Əsgərli deyib: “Salyan rayonunda 2020-cil təsərrüfat ilində 1007 hektar sahədə bostan bitkiləri əkilmişdi. Sahələrdən 16 min 600 ton bostan məhsulu əldə edilmişdi. Cari ildə də Salyan rayonunda bostan bitkilərinin əkini davam etdirilir. Əsasən fermerlər bostançılıqda qarpız bitkisinə daha çox maraq göstərirlər. Hazırda elektron kənd təsərrüfatı informasiya sistemində 208 hektar qarpız bitkisi fermerlər tərəfindən bəyan edilib və bu proses davam etdirilir”.

DAİM-in mütəxəssisləri bildiriblər ki, sahələrə düzgün aqrotexniki qulluq edilərsə, hər hektardan 80-100 ton qarpız məhsulu götürmək mümkündür. Qeyd edək ki, ötən təsərrüfat ilində Salyan rayonunda ümumilikdə 1007 hektar sahədə bostan bitkiləri əkilib. Bu sahələrdən 165.2 sentner orta məhsuldarlıq olmaqla 16 min 600 ton məhsul əldə edilib.