AQRO

03 May

Tərtərli kümçülərə ipəkqurdu toxumu paylanılıb

Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, son illər ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Respublikamızın digər bölgələrində olduğu kimi, Tərtər rayonunda da baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.

Ötən il Tərtər rayonunda 12,1 ton barama istehsal edilib. Bu il 14 tondan çox yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik stansiyasından 350 qutu barama qurdu gətirilərək kümçülərə təhvil verilib. Rayonun 30 kəndində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanıb.

Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verir.