AQRO

03 May

Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə başlanılıb

Aqrar Xidmətlər Agentliyinin ( AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarının mütəxəssisləri tərəfindən müvafiq təlimatlar əsasında xüsusi təhlükəli zərərli orqanizmlərin populyasiyalarının aşkarlanmasına dair apardıqları fitosanitar müşahidələrin təhlili əsasında müxtəlif regionlar üzrə çəyirtkəkimilərə (Mərakeş, İtaliya) qarşı mübarizə işlərinin səmərəli təşkilini təmin etmək məqsədiilə texniki hazırlıq işlərinə və qabaqlayıcı tədbirlərə başlanılıb. Zərərvericinin bioloji xüsusiyyətləri, həyat tərzi və populyasiyalarının sıxlığı nəzərə alınmaqla kimyəvi mübarizə işlərinə başlanılılıb. Artıq Tərtər payonunda 12 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib. Bu gündən Ağstafa rayonun Ceyrançöl ərazisində çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə start verilib. Mübarizə tədbirləri davam etdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, çəyirtkəkimilərin ən çox müşahidə edildiyi ərazilərdə (Küdrü düzü, Ceyrançöl, Padarçöl, Ağdam-Tərtər) mübarizə tədbirlərinin səmərəli təşkili üçün texniki vasitə və avadanlıqlar hazır vəziyyətə gətirilib və mobil dəstələr üzrə qruplaşdırılıb. Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən xüsusi təhlükəli zərərli orqanizm olan çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə işlərinə cəlb edilən texnikalara və digər avadanlıqlara baxış keçirilib, tələbata uyğun pestisid ehtiyatı yaradılıb.

Mübarizə tədbirlərində Mitsubishi L-200 markalı avtomaşınların üzərinə quraşdırılmış 12 ədəd AU 8115M markalı ultra kiçik həcmli, 10 ədəd Scout 28s-300 markalı avtonom və MTZ-892 markalı traktorlara qoşulmuş 20 ədəd 2000 litrlik yerüstü çiləyicilərdən istifadə olunması nəzərdə tutulub.

Qeyd edək ki, tarixən ölkəmizdə Mərakeş çəyirtkəsi əsasən yovşanlı sahələrdə yaşayıb çoxalmaqla 34 rayon ərazisində qeydə alınıb. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu, Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir.

AXA tərəfindən artıq rayon bitki mühafizəsi mərkəzləri dərman preparatları ilə təmin olunub, həmçinin mərkəzlərin əməkdaşları pestisidlərlə və texnika ilə iş zamanı texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun təlimatlandırılıb.