Zərdab rayonunda 2021-ci ilin məhsulu üçün Qax Damazlıq İpəkçilik Stansiyasından 1550 qutu ipəkqurdu toxumu gətirilərək kümçülərə paylanılıb.
Rayon icra hakimiyyətindən bildirilib ki, bölgədə son illər vaxtilə ənənəvi sahə olan baramaçılıq sürətlə inkişaf edir. Təsadüfi deyildir ki, 2016-cı ildə cəmi 5710 kiloqram barama tədarük edilən bölgədə ötən il bu göstərici 61 ton 635 kiloqrama çatıb. Bu gəlirli sahə ilə məşğul olan kümçülərin sayı da artır və hazırda rayonda xeyli peşəkar baramaçı fəaliyyət göstərir. Zərdablı kümçülərdən 3 nəfəri 2-ci dərəcəli, 1 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb. Kümçülər cari mövsümdə daha yüksək nəticələr əldə etmək əzmindədirlər. Rayonda ipəkqurduları bəsləmək üçün kifayət qədər yem bazası da vardır. Kümçülərə baramaqurduların itkisiz yetişdirilməsi ilə bağlı lazımi tövsiyə və tapşırıqlar verilib.