AQRO

29 Aprel

“Azərtütün ASK” MMC tərəfindən bu günədək şimal-qərb rayonlarında 146 hektar sahədə tütün əkilib VİDEO

“Azərtütün ASK” MMC tərəfindən 2021-ci ildə respublikamızın şimal-qərb bölgəsinə daxil olan Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 878 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu günədək 129 fermerlə müqavilə bağlanılıb. Bir neçə gündür təsərrüfatlarda tütün əkininə başlanılıb.

AZƏRTAC-ın bölgə müxbiri Zaqatala rayonundakı tütünçülük təsərrüfatlarında olub, tütün şitillərinin sahələrə köçürülməsi prosesi ilə maraqlanıb.

“Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayevin verdiyi məlumata görə, cəmiyyət tərəfindən tütün əkini mövsümünə ciddi hazırlıq işləri görülüb. Tütün şitillərinin yetişdirilməsi üçün bölgənin fermerləri tərəfindən ümumi sahəsi 24 min 116 kvadratmetr olan 1714 sadə istixana hazırlanıb. Bundan əlavə, cəmiyyətin Zaqatala rayonunun Aşağı Tala kəndində fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında da fermerlərə paylanılmaq üçün tütün şitilləri yetişdirilib.

Qurum rəsmisi bildirib ki, fermerlər qısa müddətdə 146 hektar sahəyə tütün şitilləri köçürüblər və proses mütəşəkkil qaydada davam etdirilir.

Zaqatala rayonunun Muxax kəndindən olan fermer Etiram Laçınovun təsərrüfatında da artıq tütün əkininə start verilib. Fermer bu il 10 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkməyi planlaşdırıb. Tütün şitillərinin sahəyə xüsusi texnikanın köməyi ilə köçürülməsi işi xeyli sürətləndirib. Təsərrüfatda mövsümün ilk günündə 2 hektaradək sahəyə tütün şitilləri köçürülüb. Tütün əkininə 10 nəfər mövsümi işçi cəlb olunub.

Fermer AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, dördüncü ildir ki, tütünçülüklə məşğul olur. Bu sahənin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, subsidiyaların ayrılması kənd adamlarının ürəyincədir. Hazırda Muxax kəndində onlarla ailə tütünçülüklə məşğul olur, qazanc əldə edirlər. Etiram ötən il ortağı ilə birlikdə 21 hektarda tütün yetişdirib, hər hektardan 10 tondan çox məhsul götürüb. Ötən mövsüm emal məntəqəsinə 210 ton yaşıl kütlə təhvil verib. Havaların əlverişli keçməsi ümid verir ki, bu il də tütün sahələrində məhsuldarlıq yaxşı olacaq.