AQRO

29 Aprel

Fermer: Pambıqçılıq ailəmizin ənənəvi təsərrüfat sahəsidir

Kürdəmir rayonunun Şilyan kəndindən olan Qaçay Əliyevə məxsus ailə-fermer təsərrüfatı çiyid səpinini optimal müddətdə, aqrotexniki tələblər səviyyəsində başa çatdırıb və artıq əkin aparılan sahələrdə tam, normal çıxış alınıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beş nəfərdən ibarət bu zəhmətkeş ailə uzun illərdir pambıqçılıqla məşğul olur. Hər il 10-15 hektar sahədə pambıq əkib-becərir. Ailənin əsas büdcəsi məhz pambıqçılıqdan qazanılan gəlir sayəsində formalaşır. Əliyevlər ailəsinin heyvandarlıq və quşçuluq təsərrüfatları da var. Bu sahələr isə yardımçı təsərrüfatlardır.

Ailə fermer təsərrüfatının başçısı Qaçay Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: “Kənddə yaşayırsansa, heyvandarlıq, quşçuluq məhsullarına tələbatını özün ödəməlisən. Tələbatdan artığını isə bazara çıxarmalısan. Bizim ailədə də belədir. Məşğul olduğumuz əsas təsərrüfat sahəsi olan pambıqçılıq həm də strateji sahədir. İstehsal etdiyimiz məhsulun satışı üçün heç bir problem yoxdur. Bununla əlaqədar necə illərdir ki, “MKT” MMC ilə müqavilə bağlayırıq. Toxum almaqda, əkində, becərmədə hərtərəfli kömək də göstərilir”.

Ailə-fermer təsərrüfatı artıq pambıq sahələrinin becərilməsinə hazırlaşır. İlk suvarma, kultivasiya və alaq otlarına qarşı mübarızə gələcək yüksək məhsuldarlıq üçün zəruri tədbirlərdir. Ötən il hər hektardan 35 sentnerədək məhsul götürən ailə-fermer təsərrüfatı cari ildə məhsuldarlığı 37-40 sentnerə çatdırmaq əzmindədir.