AQRO

27 Aprel

Ağdam rayonunda çiyid səpini başa çatmaq üzrədir

Ağdam rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri çiyid səpinini başa çatdırmaq üzrədirlər.

Cari ildə rayon ərazisində 2223,3 hektar sahədə çiyid səpilməsi planlaşdırılıb. Bununla əlaqədar olaraq, “Azərpambıq” MMC, “MKT İstehsal Kommersiya" MMC və “P-Agro” MMC ilə istehsalçılar arasında müqavilələr bağlanılıb. Əkin sahələrindən yüksək məhsul əldə etmək üçün aqrotexniki tələblərə düzgün və ardıcıl əməl olunması diqqət mərkəzində saxlanılıb. Sahələr optimal müddətdə şumlanıb, təmizlənib, suvarma suyu və mineral gübrələrlə təmin olunub, malalanıb.

Ağdam pambıqçıları artıq 2201,3 hektar sahəyə çiyid səpiblər. Səpin aparılmış ərazilərin 215 hektarında çıxış alınıb. Səpin işlərinin bir neçə günə başa çatdırılması nəzərdə tutulur. Hazırda pambıq sahələrində səpinlə yanaşı, seyrəltmə və kultivasiya işləri də aparılır.

Qeyd edək ki, 2020-ci ildə Ağdam rayonunda 2120 hektar sahədə pambıq əkilib, 7100 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 33,49 sentner olub.