AQRO

26 Aprel

Naxçıvanda ötən üç ayda 6 heyvandarlıq təsərrüfatı yaradılıb

Naxçıvanın kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafı 2021-ci ilin ilk rübündə də diqqətdə saxlanılıb, 6 heyvandarlıq təsərrüfatının yaradılması, 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılıb. Həmçinin 7 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 1 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin yanvar-mart aylarında bank və kredit təşkilatları tərəfindən bu sahəyə, ümumilikdə, 3 milyon 436 min 700 manat kredit verilib. Bu da bir il öncəki göstəricidən 9 faiz çoxdur.

Hazırda Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinə məxsus müasir infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Cari ilin ilk rübündə heyvandarlıq təsərrüfatlarında 2240 baş inək, düyə və camış süni yolla mayalandırılıb, bu dövrdə 3312 baş sağlam bala alınıb.

Cari il aprelin 1-nə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 125 min 305 baş, qoyun və keçilərin sayı 784 min 27 baş olub ki, bu da ötən ilin eyni dövründəki göstəriciləri 1,8 və 2,1 faiz üstələyib.

Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə 1 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi davam etdirilir.

Bu ilin yanvar-mart aylarında muxtar respublikada diri çəkidə 6584,1 ton ət, 13266,4 ton süd istehsal olunub ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 və 1,6 faiz çoxdur.

Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə müvafiq tədbirlər həyata keçirilib, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılıb, Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisinə başlanılıb.

Muxtar respublikada kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunması, istehsal edilən məhsulların ixrac potensialının artırılması və kənd təsərrüfatı istehsalına əsaslanan emal müəssisələrinin qurulması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 29 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı” təsdiq edilib.