AQRO

19 Aprel

Bu il Zaqatalada 3500 hektar sahədə qarğıdalı əkilməsi proqnozlaşdırılır

Cari ildə Zaqatala rayonunun təsərrüfatlarında 3500 hektaradək sahədə dən üçün qarğıdalı əkilməsi proqnozlaşdırılır. Rayonun Danaçı, Muğanlı, Bəhmətli, Qandax kəndlərinin və Əliabad qəsəbəsinin ərazilərindəki təsərrüfatlarda artıq qarğıdalı əkininə başlanılıb. Fermerlər qısa müddətdə 600 hektardan çox sahəyə qarğıdalı əkiblər. Torpaq mülkiyyətçiləri əkin zamanı Türkiyədə istehsal olunan yüksək məhsuldar toxum sortlarına, həmçinin yerli sortlara üstünlük verirlər.

Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, aprelin 20-dən sonra təsərrüfatlarda istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsinə də başlanacaq.

Qeyd edək ki, zaqatalalı fermerlər ötənilki mövsümdə 3 min 536 hektar qarğıdalı sahəsindən 19 min 970 ton məhsul əldə ediblər. Dən qarğıdalı istehsalı əvvəlki illə müqayisədə 232 ton artıb.