AQRO

16 Aprel

Neftçalada ilin ilk üç ayında süni mayalanma yolu ilə 650 baş buzov alınıb

Neftçalada aqrar sektorun digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsullarının istehsalını artırmaq məqsədilə hər il yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır ki, bu da öz növbəsində ət və süd istehsalının və mal-qaranın baş sayının artmasına səbəb olur.

Son illər rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də xeyli iş görülüb. Bu məqsədlə xarici ölkələrdən yüz başlarla ətlik və südlük istiqamətli düyələr gətirilib, süni mayalanma məntəqələrinin şəbəkəsi genişləndirilib.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, hazırda rayonda 9 süni mayalanma məntəqəsi fəaliyyət göstərir və ötən il bu məntəqələrin mütəxəssisləri tərəfindən mayalanma aparılan 4 min 61 baş inək və düyədən cari ilin üç ayı ərzində 650 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Süni mayalanma yolu ilə alınan buzovlara görə maldarlara 65 min manat subsidiya ödənilib