AQRO

16 Aprel

Payızlıq əkinlə bağlı fermerlərə subsidiyanın verilməsinin yekunlaşacağı vaxt - AÇIQLANDI

Müəyyən olunmuş müddət ərzində Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 341 min 413 fermer öz payızlıq əkinlərini bəyan edib.

Fins.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib. Qurum rəsmisi bildirib ki, daxil etdikləri məlumatlar, o cümlədən torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən sənədləri qaydasında olan 283 min 908 fermerin subsidiya almaq üçün elektron müraciəti sistemdə formalaşıb:

"Bu günədək 245 min 927 nəfərə, yəni subsidiya müraciəti EKTİS-də formalaşmış fermerlərin 86,6 faizinə payızlıq əkinlərlə bağlı subsidiya ödənilib. Müraciəti təsdiqlənmiş digər fermerlərin payızlıq əkinlərlə bağlı torpaq və əkilmiş məhsul barədə məlumatları monitorinqə cəlb olunub. Monitorinqlərin aprel ayının sonunda tam yekunlaşacağı gözlənilir. Qaydalara əsasən, 10 hektardan yuxarı torpaq sahəsi olan fermerlər subsidiya almaq üçün öz sahələrindən aqrokimyəvi analiz verməlidir. Analizlərin verilməsi tamamlandıqdan və nəticələr EKTİS-ə daxil edildikdən sonra həmin kateqoriya fermerlərə də subsidiyaların ödənişi həyata keçiriləcək".

V.Hüseynov qeyd edib ki, hazırda Dövlət Aqrar İnkişaf mərkzələri tərəfindən əkin bəyanları ilə bağlı aparılan yerüstü müşahidələri tamamlanmış fermerlərin adları subsidiya ödəniş qrafikinə daxil edilir və monitorinq zamanı torpaq sənədləri və əkin məlumatları ilə bağlı problem aşkarlanmayan fermerlərə subsidiya ödənişləri intensiv qaydada həyata keçirilir.