AQRO

15 Aprel

Bir kiloqram toxum səpib 2 ton məhsul götürmək olur

Uzun illərdir Saatlının Əhmədbəyli kəndində təkrar əkin üsulu ilə küncüt yetişdirilir. Bu il isə ilk dəfə olaraq küncüt toxumunun mədəni səpini aparılıb.

Azərbaycanda ilk dəfə mədəni şəkildə küncüt əkininə başlanılıb. Belə ki, Saatlının Əhmədbəyli kəndində 1 hektar ərazidə küncüt əkininə start verilib. “Aqroservis” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova bildirib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhmdar Cəmiyyət bu sahənin inkişafına dəstək məqsədilə, həmçinin digər fermerlərin də bu sahəyə marağının artırılmasını təşviq etmək üçün bir sıra tədbirlər görür. “Cəmiyyət ölkəmiz üçün qeyri-ənənəvi bitkiçilik olan bu sahələr üçün fermerlərə kompleks aqrotexniki xidmətlər təklifi hazırlayıb. Bu təkliflər çərçivəsində əkin üçün lazım olacaq bütün aqrotexniki işlər, texnika təminatı, becərilmədə istifadə ediləcək keyfiyyətli mineral gübrə təminatı, zərəvericilərə qarşı dərmanlar, həmçinin məhsulun itkisiz yığılıb fermerə təqdim edilməsi işləri həyata keçiriləcək”, - deyə o qeyd edib.

Küncüt qeyri-ənənəvi bitki olduğundan fermerlərin maarifləndirilməsi və bitkiyə vegetasiya müddətində düzgün qulluq edilməsi üçün “Aqroservis” ASC Əkinçilik Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlıq edərək, bu kimi sahələrə aqronomların ayrılması, bitkinin düzgün inkişafı üçün aqro-texniki məsələlərin həlli istiqamətində müvafiq işlər görüb.

Məqsəd isə bu sahəyə marağın artırılması, küncütün əvvəlki şöhrətini yenidən qaytarmaq, həmçinin iqtisadi cəhətdən daha çox əhəmiyyətli olan qeyri-ənənəvi bitkiçiliyi inkişaf etdirməkdir.

Səkkiz ildir küncüt əkini ilə məşğul olan Əhmədbəyli kəndinin sakini, fermer Şahmurad İmanov deyir ki, indiyədək bu bitkini təkrar əkin kimi yetişdirib. O, küncüt toxumunun yazda əkilməsini ilk dəfə sınaqdan keçirir. Bunun üçün 1 hektar ərazi ayrılıb. Sahə əvvəlcə arat olunub. Aratda düşdükdən sonra mala çəkilib və səpinə başlanılıb. Küncüt sahəsini təkrar əkində 3 hektara kimi artırmaq niyyətində olan fermer, 70 sentnerə yaxın məhsul gözlədiyini söyləyir.

“Küncüt 90-125 gün ərzində yetişir. Amma birinci əkin olduğu üçün məhsulu avqust ayının 15-nə qədər götürəcəyik”, - deyə o əlavə edib.

Təsərrüfatçılar təkrar əkin zamanı ağ küncüt toxumuna üstünlük verirlər. Növbəti ildən isə Afrikadan gətirilmiş toxumlardan istifadə edilməsi də nəzərdə tutulub.

Küncüt bitkisi kifayət qədər gəlirli bitki sayılır. Bazarlarda bir kiloqramının qiyməti 3 manatdan baha satılır. Bu səbəbdən əkininə də maraq var. Təkcə Əhmədbəyli kəndində 10 hektara yaxın ərazidə küncüt əkilməsi nəzərdə tutulur. Amma becərilməsi, xüsusən yığılması əl əməyi ilə həyata keçirildiyindən çox zəhmət tələb edir.

Şahmurad İmanov bildirib ki, əsas çətinliklərdən biri məhsulun satışa çıxarılması ilə bağlıdır: “Bu gün əkdiyimiz toxum çəhrayı rənglidir. Bu toxum çox yağlı olması ilə seçilir. Dərman kimi, həmçinin şirniyyatlarda da istifadə olunur. Amma bizim bazar dəstəyimiz yoxdur. Böyük bazarlara çıxara bilmədiyimizə görə, pərakəndə halda satırıq”.

Aqronom Elşən İbadovun sözlərinə görə, küncüt bitkisi həm də suya tələbkardır. Vegetasiya müddətində 3 dəfəyədək suvarılması vacibdir. Küncüt bitkisi zərif olduğu üçün suyu vaxtında vermək lazımdır. Suvarılan zaman axın az olarsa, istiyə məruz qalaraq yana bilər. Ancaq bol su olandan sonra küncüt yetişdirilməsi çox sərfəlidir.

Növbəti illərdə bu sahəyə marağın artacağı, əkin sahələrinin genişlənəcəyi, eyni zamanda, ixrac potensialının yüksəlməsi nəzərdə tutulur.

Qeyd edək ki, küncütün tərkibində güclü antioksidant olan “sezamin” maddəsi var. Bu maddə xərçəngin profilaktikasında effektlidir. Toxumların tərkibindəki yağlı turşular ürək-damar sisteminin sağlamlığı üçün çox faydalıdır, insult və infarktın riskini azaldır. Kalsiumla zəngin olan küncüt sümük və oynaqların sağlamlığı üçün də faydalıdır. Tərkibində A, E və C vitaminləri kimi güclü antioksidanlar sayəsində orqanizmi cavanlaşdırır, xroniki xəstəliklərin inkişafına mane olur.

Həmçinin küncüt bitkisi heyvandarlıq üçün də əlverişli hesab olunur. Mütəxəssislər bu sahəyə önəm verməyi vacib hesab edirlər. Hektara 1-1,5 kiloqram toxum səpməklə 2 ton, 2 ton yarım məhsul götürmək mümkündür.

Küncüt sortları vegetasiya müddətinin uzunluğuna, məhsuldarlığına və toxumunun rənginə görə seçilir. Ağ toxumlu sortları xüsusilə qiymətli sayılır. Bu sortlar az məhsuldar olsa da, yüksək keyfiyyətli yağ əldə edilir.