Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Neftçalada uğurlu həyata keçirilir.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il 23 min 41 ton pambıq istehsal edən rayonun “ağ qızıl” ustaları cari ildə 6 min 775,9 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Bunun üçün bütün işlər vaxtında həyata keçirilib, 6 min hektardan çox sahədə şum aparılıb, arata qoyulub və malalanıb. Rayonda 1578 məhsul istehsalçısı istehsal müəssisələri ilə müqavilə bağlayaraq lazımi texnika, toxum və digər avadanlıqlarla təmin olunub.
Artıq rayonda pambıq səpininə start verilib. Səpinə ilk olaraq Xol və Aşağı Qaramanlı zonasından başlanılıb və qısa müddətdə 901,4 hektardan çox sahəyə çiyid səpilib. Məhsul istehsalçıları səpin zamanı yüksək reproduksiyalı toxum sortlarının səpininə üstünlük verirlər. Yaxın günlərdə rayonda kütləvi çiyid səpininə başlanılacaq.
Ötən il 50 hektar pambıq sahəsindən 210 ton məhsul götürən, uzun müddət pambıqçılıqla məşğul olan rayonun Aslanlı kənd sakini Namiq Bağırov bu günə kimi əkəcəyi 60 hektar sahənin 15 hektarında səpin aparıb. Məhsul istehsalçısı səpini optimal müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edir. Fermer bu il hər hektar pambıq sahəsindən 35-40 sentner məhsul götürmək əzmi ilə çalışır.
Qeyd edək ki, ötən il neftçalalı pambıqçılar 5 min 973 hektar pambıq sahəsindən 23 min 41 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı 38,6 sentnerə çatıb.