AQRO

14 Aprel

Zərdabda cari mövsüm 300 hektar sahədə çəltik əkiləcək

Zərdab rayonunda çəltik əkininə hazırlıq işləri başa çatdırılıb.

Rayon icra hakimiyyətindən bununla əlaqədar bildirilib ki, cari mövsümdə 300 hektarda çəltik əkini gözlənilir. Rayonun əkin aparılacaq Körpükənd, Yuxarı Seyidlər və Məlikli kəndlərində sahələr şumlanıb, malalanıb, hissə-hissə tirlənərək əkin üçün tam hazır vəziyyətə gətirilib. Torpaq mülkiyyətçiləri respublikamızın cənub bölgəsindən yerli şərait üçün əlverişli olan kifayət qədər toxum gətiriblər. May ayının birinci yarısında əkinə başlanacaq.

Qeyd edək ki, son illər Zərdabda çəltikçiliyə maraq artıb. Bu, hər şeydən əvvəl bazarlarda keyfiyyəti ilə seçilən yerli düyüyə tələbatın artmasının nəticəsidir. Ötən il rayonda 241 hektarda çəltik yetişdirilib, hər hektardan 48 sentner olmaqla 1174 ton məhsul istehsal olunub. Cari ildə əkin sahəsinin 60 hektaradək artacağı proqnozlaşdırılır.