AQRO

10 İyul

Balakəndə 138 hektardan çox sahədə dən üçün təkrar qarğıdalı əkilib

Taxıl biçini başa çatdıqdan sonra Balakən rayonunun təsərrüfatlarında 140 hektar sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Bu istiqamətdə işlər artıq yekunlaşmaq üzrədir. İndiyədək rayon ərazisində 138,3 hektar sahədə dən üçün təkrar qarğıdalı əkilib.

Bu barədə Fins.az-a Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Elvin Səmədov məlumat verib.

Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək.

Qurum rəsmisi bildirib ki, qarğıdalı istehsalı rayonun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada birincilər sırasındadır. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Cari ildə rayonda dən üçün qarğıdalının əkin sahəsi əvvəlki illə müqayisədə 302 hektar artırılaraq 7 min 515 hektara çatdırılıb.