AQRO

07 İyul

Bu rayonda min hektardan çox sahədə təkrar əkin aparılması proqnozlaşdırılır

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi də uğurla həyata keçirilir.

Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.aaz-a bildiriblər ki, cari ildə ümumilikdə min hektardan çox sahədə təkrar əkin aparılması proqnozlaşdırılır. Artıq 125 hektarda qarğıdalı, 140 hektarda darı, 35 hektarda bostan-tərəvəz bitkiləri əkilib. Bundan başqa, payızlıq əkin üçün min hektardan çox sahədə şum işləri görülüb.

Qeyd edək ki, təkrar əkinin tətbiqi kənd təsərrüfatı məhsulları, o cümlədən dən və yaşıl yem istehsalının artırılmasında mühüm rol oynayır. Bu il təkrar qarğıdalı əkininə görə fermerlərə toxum almaq üçün dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsait ödəniləcək. Dövlətin bu diqqətindən yararlanan füzulili fermerlər və torpaq mülkiyyətçiləri 700 hektaradək sahədə təkrar qarğıdalı əkininin aparılmasını planlaşdırıblar.