AQRO

25 İyun

“Yalama Aqropark”da 259 hektar sahədə qarğıdalı əkilib

Bu il “Yalama Aqropark”da 159 hektar dənlik, 100 hektar sahədə isə silosluq qarğıdalı əkini aparılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun ikinci yarısından silosluq, sentyabrın 15-dən isə dənlik qarğıdalının toplanmasına başlanılacaq. Əldə olunan məhsul aqroparkdakı heyvandarlıq təsərrüfatlarının əsas qaba yem komponenti ilə təmin olunmasında istifadə olunacaq.

Aqroparkın arpa sahələrində biçin yekunlaşdıqdan sonra 138 hektarda təkrar dənlik və 248 hektarda isə təkrar silosluq qarğıdalı əkiləcək. Artıq 38 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb.

“Yalama Aqropark”da qarğıdalı üzrə yüksək məhsuldarlıq səviyyəsinə nail olunması üçün istehsal sahələri üzrə innovativ yanaşma və müasir texnologiyadan istifadə olunur. Son illərdə aqroparkın sahələrində dənlik qarğıdalı əkini üzrə orta məhsuldarlıq, ümumilikdə, 15 ton və ondan yuxarı olub. Bu, ölkə üzrə qeydə alınan ən yüksək göstəricidir.

Aqroparkın əkin sahələrində yerli iqlim şəraitinə uyğun ənənəvi “Pioneer” sortu ilə yanaşı, digər hibrid qarğıdalı sortları da becərilir.

“Yalama Aqropark” MMC-nin əkinçilik mütəxəssisi Cəmil Rəşidov bildirib ki, qarğıdalı sahələrindən yüksək məhsul əldə etmək üçün bitkilərə aqrotexniki qulluq davam etdirilir. Əkin sahələri ziyanverici və alaq otlarına qarşı dərmanlanır, herbisid səpilir. Qarğıdalı sahələri ay ərzində müasir suvarma şəbəkəsi vasitəsilə 7-8 dəfə suvarılır. Aqroparkın ərazisində qarğıdalı ilə yanaşı, arpa, yonca, şəkər çuğunduru bitkiləri də becərilir.

“Yalama Aqropark” MMC-nin İdarə heyətinin sədr müavini Mirrəhman Ağazadə AZƏRTAC-a müsahibəsində bildirib ki, təsərrüfatın bu il üzrə ümumi əkin sahəsi 1610 hektardır. Bunun 285 hektarı təkrar əkin sahələridir. Bu sahələrdə dənlik və yemlik arpa, qarğıdalı və yonca əkilib.

“Yalama Aqropark”ın əkin dövriyyəsinə yeni cəlb olunan İstisu kəndi ərazisindəki əkin sahələrində dənlik arpa əkilib. Həmin sahələrdə pivot suvarma sisteminin quraşdırılmasına başlanılıb. Artıq iki böyük su anbarı qurulub. Müasir suvarma sistemi kənddəki 956 hektarlıq əkin sahəsinin 500 hektara yaxınını əhatə edəcək.

Hazırda “Yalama Aqropark”da 3030 baş simmental cins heyvan bəslənilir ki, onlardan 1200 başı sağmal heyvanlardır. Təsərrüfatda il ərzində 1000-1200 baş arası bala əldə olunur.