AQRO

24 İyun

Füzulidə bu günədək 104 min 221 ton taxıl tədarük olunub

Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda taxıl biçininin mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələr səfərbər edilib.

Füzuli Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2020-ci təsərrüfat ili üçün rayon ərazisində 37 min 575 hektarda taxıl səpini həyata keçirilib. Zəmilərin 28 min 778 hektarı buğda, 8797 hektarı isə arpadır.

Hazırda rayonda taxıl biçini uğurla davam edir. Biçin kampaniyasına 57 kombayn cəlb olunub. Bu günədək 8621 hektar arpa, 24 min 574 hektar buğda zəmisində biçin aparılıb, 104 min 221 ton məhsul tədarük edilib. Hektarın orta məhsuldarlığı buğda zəmilərində 32 sentner, arpa sahələrində isə 29,6 sentnerdir.

Qeyd edək ki, taxılçılıq Füzuli rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. Artıq 10 ildir ki, Füzuli rayonu respublikanın 100 min tondan artıq taxıl istehsal edən rayonları sırasındadır.