AQRO

24 İyun

Marketlərdə mövsüm meyvələri niyə bahadır?

“Bu il ərik, gilas, şaftalı, çiyələk kimi meyvələrin qiyməti ötən illə müqayisədə aşağıdır. Çünki məhsul boldur”. 

Bu sözləri  Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə bazarda meyvə qiymətlərinin yüksək olması ilə bağlı fikirlərə münasibətində deyib. O bildirib ki, cari mövsümdə ən bahalı gilas 3,5 AZN-ə təqdim olunub:

“Hazırda gilasın pərakəndə satış qiyməti 1,5 AZN, 2,5 AZN və 3,5 AZN arasında dəyişir. O cümlədən, kartof, soğanın da keçən illə müqayisədə qiymətləri aşağıdır. Keçən il pərakəndə satışı 50 qəpik olan soğan bu il 30 qəpikdir. 

Supermarketlərdə meyvə-tərəvəz məhsullarının qiymətinin bazarlara nisbətən yüksək olması sırf iqtisadi səbəblərdən qaynaqlanır. Dövriyyə anlayışı var və orada meyvə-tərəvəz dövriyyəsi elə də yüksək deyil. Üstəlik bazarda satılan məhsulun, demək olar ki, hamısı satılır və tullantı az olur. Amma supermarketlərdə alıcılar seçim edir və tullantıları çox olur. Açıq bazardan fərqli olaraq infrastruktur xərcləri çoxdur. Bütün bunları nəzərə alsaq, supermarketlərdə meyvə və tərəvəz qiymətlərinin bazarlara nisbətən yüksək olması təbiidir. Gələcəkdə supermarketlərdə meyvə-tərəvəzin malik olduğu pay 10-15%-dən 60-70%-ə yüksəlməsi gözlənilir və bu zaman qiymətlər bazarlarla bərabərləşmiş olacaq”. 

F. Fikrətzadə onu da qeyd edib ki, hər gün bazarlarda müşahidə aparılır və karantinlə əlaqədar satış məsələsində heç bir problem yoxdur: “Hazırkı rejimdə Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq kənd təsərrüfatı məhsullarının həm istehsal fəaliyyəti sərbəstdir, həm onlara xidmət göstərən servislərin fəaliyyətinə icazə verilib, həm də onların məhsulunu toplayıb daşımaqla məşğul olanlar sərbəstdirlər”

© Qafqazinfo