AQRO

23 İyun

Saatlıda bu günədək 3 tondan çox barama tədarük olunub

Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 124 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) ipəkqurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən olan 135 kümçüyə paylanılıb.

Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. Bu günədək rayon üzrə ümumilikdə 3 ton 161,8 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxunu Azadkənd və Bəylər kəndlərinin baramaçıları istehsal edib.

Varxan kənd sakini Eyvaz Əsədov bu mövsüm 3 qutu ipəkqurdu toxumu götürərək bəsləyib. “Bu sahə rayonda yeni olduğundan digər kümçülər kimi ilk illər çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə yaxşı nəticələr qazanmışam. Bu il 3 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurduna yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 174 kiloqram barama təhvil vermişəm”, - deyə kümçü bildirib.

Rayonda barama tədarükü davam edir.