AQRO

19 İyun

Şəkidə indiyədək 15 min hektardan çox taxıl sahəsinin məhsulu biçilib

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə cari mövsümdə 67 min 384,7 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 42 min 852,5 hektarını buğda, 24 min 532,2 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda taxıl biçini sürətlə davam etdirilir. Bu günədək 12 min 400 hektar arpa və 2 min 700 hektar buğda sahəsinin məhsulu biçilib, 48 min 595 ton taxıl istehsal olunub.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.

Sektor müdiri bildirib ki, tədarük olunan taxılın 39 min 928 tonu arpa, 8 min 667 tonu buğdadır. Arpa sahələrinin hər hektardan orta hesabla 32,2 sentner, buğda sahələrindən isə 32,1 sentner məhsul götürülüb.

Ümumilikdə, biçin kampaniyasına 131 ədəd kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnikalar cəlb olunub.

Xatırladaq ki, şəkili fermerlər ötənilki mövsümdə 67,7 min hektar taxıl sahəsindən 234 min 631 ton məhsul tədarük ediblər. Taxıl istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb. Fermerlər hər hektardan orta hesabla 34,6 sentner məhsul götürüblər.