AQRO

19 İyun

Astarada çəltik əkini başa çatıb

Astara rayonunda mayın 1-dən başlanan çəltik əkini kampaniyası başa çatıb. Rayonun fermerləri və məhsul istehsalçıları 200 hektarda çəltik əkiblər.

Bu barədə Astara Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Astara hələ qədimdən ənənəvi kənd təsərrüfatı sahələrindən olan çəltikçiliklə məşhurdur. Ətirli Astara düyüsü yüzilliklər ərzində yerli əhalinin ən qiymətli ərzaq məhsulu olub. “Sədri”, “Ənbərbu”, “Haşimi” və digər çəltik növlərindən hasil olan düyü məhsulları öz ətri, dadı və bərəkəti ilə seçilib.

Ölkəmizdə aqrar bölmədə çalışan məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi uzun müddət tənəzzül dövrünü yaşayan çəltikçiliyin rayonda inkişafı üçün geniş imkanlar yaradıb.

Astarada çəltikçiliyin inkişafı üçün böyük perspektivlər var. Rayon ərazisindən Astara və Pensər çayının keçməsi, Lovayın su anbarının yenidən qurulması sahələrin suvarılmasında mühüm rol oynayır. Çəltikçilik əsasən Artupa, Suparibağ, Ərçivan, Səncərədi, Pensər, Kakalos, Şiyəkəran və digər kəndlərdə inkişaf etdirilir.

Qeyd edək ki, ötən il rayonda çəltikçilikdə hər hektardan 42 sentner olmaqla, ümumilikdə, 994 ton məhsul istehsal edilib. Bu il bu rəqəmin 1000 tona çatdırılması nəzərdə tutulub.