AQRO

17 İyun

Neftçalada 40 min hektardan çox taxıl sahəsinin məhsulu yığılıb

Neftçalanın fərdi fermer təsərrüfatlarında taxıl yığımı uğurla davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən ilin payızında rayonda 43 min 66 hektar sahədə taxıl əkilib. Bunun 36 min 66 hektarı arpa, 6 min 263 hektarı isə buğdadır.

Biçin kampaniyasına mütəşəkkil başlayan torpaq mülkiyyətçiləri qısa müddətdə arpa yığımını başa çatdırıblar. Biçin aparılan arpa sahələrindən 104 min 186 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 28.3 sentnerdən çox olub. Ayrı-ayrı fərdi təsərrüfatlarda məhsuldarlıq ümumi rayon göstəricisindən də yüksək olub.

Hazırda buğda sahələrinin məhsulu yığılır. İndiyədək 6 min 263 hektar buğda sahəsinin biçin aparılmış 3 min 60 hektarından 11 min 540 ton məhsul götürülüb. Hər hektarının məhsuldarlığı 34.3 sentnerə çatır.

Təcrübəli taxılçı Təvəkkül Məmmədov həmişə olduğu kimi bu ildə biçinə birincilər siyahısında başlayıb. “Bu mövsüm 130 hektar sahədə taxıl becərmişəm. Biçim apardığım 70 hektar arpa sahəsinin hər hektarından 28 sentner məhsul götürmüşəm ki, bu da ötənildəkindən 3 sentner çoxdur. Yaxın günlərdə buğda sahəsinin məhsulunun yığımına başlayacağam”, - deyə fermer bildirib.

Qeyd edək ki, Neftçalada məhsul yığımına 46 kombayn cəlb olunub və gün ərzində 350-400 hektar sahənin taxılı yığılır.