AQRO

12 İyun

Saatlıda bu günədək 1132 kiloqramdan çox barama tədarük olunub

Saatlıda dördüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 124 min tut tingi əkilib, bir neçə yaşayış məntəqəsində müasir kümxana tikilib və digər zəruri tədbirlər həyata keçirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 200 qutu (3 min 800 qram) ipəkqurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən olan 135 kümçüyə paylanılıb.

Bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulu tədarük məntəqəsinə təhvil verirlər. Bu günədək rayon üzrə ümumilikdə 1132,8 kiloqram barama təhvil verilib ki, bunun da yarıdan çoxu Azadkənd və Bəylər kəndlərindən olan baramaçıların payına düşür.

Bəylər kənd sakini Şaiq Nəsirov bu mövsüm 5 qutu ipəkqurdu toxumu götürərək bəsləyib. “Bu sahə rayonda yeni olduğundan digər kümçülər kimi ilk illər çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərim sayəsində yaxşı nəticələr əldə etmişəm. Bu il də 5 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. İpəkqurduna yaxşı qulluq etdiyimdən məhsul gözlədiyimdən də çox olub. Bu günə kimi tədarük məntəqəsinə 172 kiloqram barama təhvil vermişəm. Hələ kümxanada məhsulum var. Bundan sonra daha 15-20 kiloqram məhsulum olacaq”, - deyə kümçü bildirib.

Rayonda barama tədarükü davam edir.

Qeyd edək ki, ötən il Saatlıda 52 ailə ipəkqurdu bəsləyib.

© Azərtac