AQRO

11 İyun

Qazaxda barama tədarükünə başlanılıb

Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində bir məşğuliyyət sahəsi kimi genişləndirilməsində və məşğulluğun təmin edilməsində böyük rol oynayıb. Bu gün həmin Dövlət Proqramının uğurla icra olunması sayəsində respublikamızda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır ki, bu da ölkədə barama istehsalını ildən-ilə artırır.

Fins.az xəbər verir ki, dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur.

2016-cı ildən rayonun inkişaf edən sahələrindən olan baramaçılığın keçmiş şöhrətini qaytarmaq üçün bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

Belə ki, bu il rayonunun Alpout, Aşağı Salahlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Çaylı, Cəfərli, Daş Salahlı, Dəmirçilər, Hüseynbəyli, Kəmərli, Kosalar, Orta Salahlı, Qaymaqlı, Xanlıqlar, Yuxarı Salahlı kəndləri üzrə barama yetişdirən kümçüləri tərəfindən 6 ton yaş baramanın istehsalı nəzərdə tutulub.

Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq barama tədarükünə başlayıblar. Aslanbəyli, Qaymaqlı, Daş Salahlı, Orta Salahlı, Dəmirçilər, Alpoud, Cəfərli kəndlərində barama yetişdirən kümçülər tərəfindən "Azəripək” MMC-yə indiyədək 919 kiloqram məhsul təhvil verilib.

© Azərtac