AQRO

11 İyun

Oğuzda taxıl biçininə 42 kombayn cəlb olunub

Cari mövsümdə Oğuz rayonunda 16 min 135 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 11 min 970 hektarını buğda, 4 min 165 hektarını arpa sahələri təşkil edir. Rayonun Böyük Söyüdlü kəndinin ərazisindəki taxıl sahələrində artıq arpa biçininə başlanılıb. Kampaniyanın ilk günündə 40 hektaradək sahənin arpası biçilib, 122,4 ton məhsul tədarük olunub. Hələlik hər hektardan orta məhsuldarlıq 30,6 sentner təşkil edir.

Bu barədə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.

Bildirilib ki, rayon üzrə taxıl biçini kampaniyasına 42 kombayn, həmçinin lazımi qədər küləşpresləyən aqreqat, şum traktoru, yük maşını, qoşqu və digər texnika cəlb edilib.

Xatırladaq ki, oğuzlu fermerlər ötənilki mövsümdə 16 min 87 hektar taxıl sahəsindən 49 min 708 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 31 sentner məhsul götürülüb.

© Azərtac