AQRO

05 İyun

İmişlidə qısa müddətdə 9 min tona yaxın arpa tədarük olunub

İmişlidə taxıl biçininə start verilib. Qısa müddətdə 9 min tona yaxın məhsul tədarük edilib. Biçin üçün zəmilərə 45 kombayn cəlb edilib.

Fins.az xəbər verir ki, rayonda ilkin mərhələdə arpa sahələri biçilir. İmişli Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Səlim Məhərrəmovun sözlərinə görə, bu il rayon üzrə 17151 hektar sahədə taxıl becərilib. Sahələrin 7062 hektarını arpa, 10089 hektarını isə buğda təşkil edir. Biçin işlərinin vaxtında və itkisiz başa çatdırılması üçü rayon üzrə qərargah yaradılıb. Arpa sahələri tam biçildikdən sonra buğda məhsulunun tədarükünə start veriləcək.

“Bu günə kimi 2510 hektar sahədə biçin aparılıb. Hər hektara 35,4 sentner məhsuldarlıq olmaqla, 8854 ton arpa tədarük edilib. Hazırda sahələrdə biçin işləri davam edir və zəmilərə 45 kombayn çıxarılıb. Havaların əl verişli keçməsindən istifadə edərək, biçin işlərinin optimal müddətdə başa çatdırılması planlaşdırılır”, - deyə S.Məhərrəmov qeyd edib.

Bu il “MKT İK” MMC-nin İmişli İnnovasiya filialında da yüksək məhsuldarlığı olan taxıl yetişdirilib. Aqronom Surxay Məmmədov bildirib ki, təkcə İnnovasiya filialının ərazisində 760 hektar taxıl becərilib. Zəmilərin 150 hektarını arpa, 610 hektarını isə buğda sahələri təşkil edir. Sahələrə vaxtında göstərilən aqrotexniki qulluq sayəsində məhsudarlıq da yüksəkdir. Bu il “Finola” sortu olan arpa əkilib və hər hektara 50 sentner məhsul biçilir. Bu günə kimi 50 hektardan 250 ton məhsul yığılıb. Yaxın günlərdə arpa biçini başa çatdıqdan sonra buğda sahələrində iş başlayacaq. Buğda əkini zamanı isə əsasən “Qrom” və “Viktoriya” sortuna üstünlük verilib. Elit növə daxil olan bu sortlar hesabına hər hektardan 65 sentner məhsul tədarükü proqnozlaşdırılır.