AQRO

05 İyun

Zaqatalalı kümçü: Baramaçılıq çox sərfəli təsərrüfat sahəsidir

Zaqatala rayonunun Üçüncü Tala kənd sakini İbrahim İmamhüseynov dördüncü ildir ki, barama yetişdirir. Dövlətin baramaçılığa dəstəyindən ruhlanan kümçü ailə üzvləri ilə birlikdə hər il 40-50 qram ipəkqurdunun yemlənməsi ilə məşğul olur, 150 kiloqramadək yaş barama istehsal edir. Ötən il ailənin baramaçılıqdan gəliri 1350 manat təşkil edib. Kümçü ailəsi cari mövsümdə də 50 qram ipəkqurdu bəsləyib, 149 kiloqram yaş barama əldə edib.

Qəbul məntəqəsinə barama təhvil verməyə gələn İbrahim İmamhüseynov baramaçılığın çox sərfəli təsərrüfat sahəsi olduğunu vurğulayaraq deyib: “Ailəmin qazancı uzun illərdir ki, heyvandarlıq və bağçılıqdan formalaşırdı. Ötən il fındıq bağımdan 800 kiloqramadək məhsul əldə etdim. Digər təsərrüfat sahələrində məhsul istehal etmək üçün neçə ay gözləməli olursan. İpəkqurdunun yemlənməsi isə cəmi bir ay çəkir. Yəni, qısa müddətdə yaxşı qazanc əldə edirsən. Ona görə də, növbəti illərdə barama istehsalını daha da artırmağı düşünürəm”.