AQRO

05 İyun

Lənkəranda müasir texnologiya əsasında məhsuldar sitrus ağaclarından ibarət yeni bağlar salınıb

Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən dövlət dəstəyi Lənkəran rayonunda aqrar bölmənin digər sahələri kimi, sitrusçuluğun inkişafı üçün də geniş imkanlar yaradıb.

Fins.az xəbər verir ki, sitrus meyvəçiliyi gəlirli sahə olduğundan rayonun təsərrüfatlarında limon, naringi, kivi, apelsin, kinkan, feyxoa və digər subtropik sitrus bitkilərinin əkini geniş vüsət alıb.

2015-ci ildən başlayaraq “Gilan Orchards” MMC tərəfindən Cənubi Koreyadan gətirilərək Lənkəranda yetişdirilməyə başlanmış “Halobonq” sortlu sitrus meyvə bağlarının sahəsi artıq 100 hektara çatdırılıb.

Müxtəlif vitaminlərlə zəngin olan bu meyvə insan sağlamlığı üçün çox faydalıdır. Eyni zamanda, bu məhsulun ətirli keyfiyyətləri parfümeriya sənayesi üçün yararlıdır.

Rayonun Separadi kəndi ərazisində “Fruit Garden” MMC tərəfindən 150 hektar istifadəsiz torpaq sahəsində müasir texnologiya əsasında Türkiyədən gətirilmiş məhsuldar sitrus ağaclarından ibarət yeni bağlar salınıb. Bağlarda damcı üsulu ilə müasir suvarma şəbəkəsi və ölkədə ilk dəfə olaraq şaxtanın təsirini azaldan mexanizm quraşdırılıb.

Hazırda Lənkəranın dağətəyi ərazilərində terras üsulu ilə subtropik bitkilərdən ibarət yeni plantasiyaların salınması üçün işlər davam etdirilir.

Qeyd edək ki, rayonda fermerlərə və sahibkarlara məxsus 1434 hektar sitrus və subtropik meyvə bağları var. Bu bağlarda 2700 nəfərdən çox kənd əməkçisi çalışır. Hazırda sitrus bağlarında mövsümlə bağlı aqrotexniki qulluq işləri və zərərverici həşəratlara qarşı mübarizə tədbirləri davam etdirilir, suvarma sistemləri təmir olunur.

Ötən təsərrüfat ilində Lənkəranda sitrus bağlarından 14341 ton məhsul yığılaraq ölkədaxili və xarici bazarlara çıxarılıb.