AQRO

02 İyun

Cəlilabadda ipəkqurdu saxlayan fermerlərin sayı artır

Baramaçılıq Cəlilabad üçün qeyri-ənənəvi sahələrdən olsa da, rayonda ipəkqurdu təsərrüfatlarının sayı ilbəil artır. Bu il rayonda 25-ə yaxın təsərrüfatda təxminən 150-dən çox ailə üzvünün məşğulluğu təmin olunub. Hədəf iki tondan çox yaş barama tədarük etməkdir.

Fins.az xəbər verir ki, bu mövsüm Cəlilabad kümçülərinə 1 kiloqrama yaxın ipəkqurdu toxumu paylanılıb. Ötən il baramadan yaxşı gəlir əldə edən kümçülər bu il daha çox toxum götürüblər – keçən illə müqayisədə 10 qutu çox.

Toxumların dövlət tərəfindən verilməsi və bazarının olması insanlar arasında baramaçılığa olan marağı daha da artırır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) verilən məlumata görə, qurdların bəslənməsi üçün rayonda əlverişli yem bazası var. Son iki ildə rayon ərazisində Çindən gətirilən 25 min tut tingi əkilib. Eləcə də kümçülər şəxsi təsərrüfatlarında da yem tədarükü üçün tut ağaclarının sayını artırırlar.

Cəlilabad DAİM-in direktor müavini Sahibəli Seyfullayev bildirib ki, Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri daim kümçülərlə görüşür, onlara öz tövsiyələrini verirlər: “Kümçülərin yem bazalarında demək olar ki, heç bir problem yoxdur. Bizim builki hədəfimiz 50 qutudan 2 ton məhsul əldə etməkdir. İnşallah buna da nail olacağıq. Gəlirli sahə olduğuna görə ipəkqurdu saxlamağa maraq getdikcə çoxalır, bu isə gələcəkdə kümçülərin sayının daha da artacağını deməyə əsas verir”.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar kümxanalar əvvəlcədən dezinfeksiya olunub. Fermer İsrail Mehdiyevin sözlərinə görə, bəsləmə prosesinə may ayının əvvəlindən başlanılıb. Hazırda 3-cü yuxu mərhələsində olan ipəkqurdları çoxaldıqca rəflərə köçürülür: “İki ildir baramaçılıqla məşğulam. Ötən il 200 qram ipəkqurdu götürmüşdüm. Bu il isə 400 qram götürdüm. Gördüyünüz kimi, kümxanada hər cür şərait yaratmışıq. Qısa dövrdə gəlir qazandırdığı üçün əlverişli sahədir”.