AQRO

01 İyun

Salyanda hər hektar taxıl sahəsindən 34 sentnerdən çox məhsul götürülür

Salyanda fərdi fermer təsərrüfatlarında arpa biçininə başlanılıb.

Fins.az xəbər verir ki, ötən ilin payızında rayonda 16 min 802 hektar sahədə taxıl əkilib. Bunun 11 min 246 hektarı arpa, 5 min 556 hektarı isə buğdadır.

2019-cu ildə hər hektar taxıl sahəsindən 38 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qaydada qulluq göstərib, bitkiyə vaxtında mineral və üzvi gübrələr verib, ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə sahələrdə bol məhsul yetişib.

Bir neçə gündür ki, rayonda taxıl yığımına başlanılıb. İndi əsas diqqət biçin kampaniyasının vaxtında başa çatdırılmasına yönəlib. Bu məqsədlə sahələrə 24 kombayn çıxarılıb, 40 küləşbağlayan pres, məhsulun daşınması üçün 80 maşın və mexanizm fermerlərin istifadəsinə verilib. İşin yaxşı təşkili nəticəsində gün ərzində 200-210 hektar sahədə biçin aparılır və hər hektardan təxminən 34 sentner məhsul yığılır. Bu günədək 832 hektar sahədən 2 min 828 ton taxıl toplanılıb. Mütəxəssislərin sözlərinə görə, bu il rayonda təxminən 50 min tondan çox taxıl istehsalı gözlənilir.

Taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilərə dövlət tərəfindən yanacaq və sürtkü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına subsidiya verilməsi rayonda taxılçılığın inkişafına təkan verib. İndi yüzlərlə fermer taxıl əkini ilə məşğul olur və yaxşı qazanc əldə etdiyindən əkin sahələrini hər il genişləndirirlər.

Rayonun Noxudlu kənd sakini Əli Novruzov uzun illərdir taxılçılıqla məşğul olur və hər il də yüksək nəticə əldə edir. “Ötən il becərdiyim taxıl sahəsinin hər hektarından 54 sentner məhsul götürmüşəm. Cari ildə 8 hektar sahədə taxıl becərmişəm. Sahəyə yaxşı qulluq etdiyimdən bu il də məhsulum boldur. Bu günə kimi biçin apardığım 3 hektar sahənin hər hektarından 55 sentner məhsul götürmüşəm”, – deyə fermer bildirib.

Sahələrdən məhsulun optimal müddətdə və itkisiz yığılması üçün rayon icra hakimiyyətində operativ qərargah yaradılıb. Mütəxəssislərin də cəlb olunduğu qərargahda qarşıya çıxan bütün suallara aydınlıq gətirilir, qaldırılan məsələlər operativ həll olunur. Onu da qeyd edək ki, məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.