AQRO

18 May

“Azərtütün ASK” şimal-qərb rayonlarında 189 tütün istehsalçısı ilə müqavilə bağlayıb

“Azərtütün ASK” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsi rayonlarında tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər tərəfindən bu günədək Zaqatala, Balakən, Qax və Şəki rayonlarında 1204,8 hektar sahəyə “Virciniya botaniki” növlü tütün şitilləri köçürülüb. Bu, nəzərdə tutulan tütün əkini sahələrinin 80,4 faizini təşkil edir.

Bu barədə Fins.az-a “Azərtütün ASK” MMC-nin şöbə müdiri Mütəllib Mustafayev məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, tütün istehsalı ilə əlaqədar bu il həmin rayonlarda 189 fermerlə müqavilə bağlanılıb. Bağlanmış müqaviləyə əsasən, cari təsərrüfat ilində cəmiyyət tərəfindən bu rayonlarda 1499,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün əkilməsi üçün indiyədək 1474,3 hektar sahədə birinci şum aparılıb, 1201,6 hektar sahəyə gübrə səpilib. Bu günədək Şəki rayonunda 414,96 hektar, Qaxda 217,6 hektar, Zaqatalada 361,45 hektar, Balakəndə isə 210,8 hektar sahəyə tütün şitilləri köçürülüb.