AQRO

18 May

Saatlıda dörd ayda 8 min tondan çox süd istehsal olunub

Saatlıda kənd təsərrüfatının digər sahələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını daha da sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır.

Rayon statistika idarəsindən Fins.az-a bildiriblər ki, hazırda rayonun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 67 min 808 baş iribuynuzlu mal-qara və 115 min 800 baş qoyun-keçi saxlanılır. Bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə, ümumilikdə, 647 baş çoxdur. Naxırda ana inək və düyələrin sayı 32 min 332 başa çatıb. Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalına da güclü təkan verib. Cari ilin ötən 4 ayı ərzində rayonda 1678 ton ət (diri çəkidə), 8 min 544,4 ton süd istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründə istehsal olunan ətdən 0,7 ton, süddən isə 89 ton çoxdur.