AQRO

18 May

“Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi həyata keçirilir

Ötən ildən Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maliyyələşdirilmiş “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi həyata keçirilir. Layihə nəticəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunda ciddi nəticələr əldə olunub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Fins.az-a bildirilib ki, layihədə xarici ekspert qismində Türkiyənin Adana Kənd Təsərrüfatı Araşdırma İnstitutunun alimləri İbrahim Cerit və Gönül Cömertpay iştirak ediblər. Azərbaycan tərəfdən isə Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Cavanşir Təlai, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ETİ) “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədova təmsil olunublar. Layihə çərçivəsində ötən ilin 6 ayı ərzində (18 iyul-28 dekabr) ölkədə ilk dəfə İnnovativ Double haploid texnikası tətbiq edilərək yerli hibrid xətləri əldə edilib. Texnologiyanın tətbiqi üçün xüsusi İnduzer xətlər vasitəsilə Türkiyədə əldə edilmiş haploid toxumlar ekspertlər tərəfindən Azərbaycana gətirilib, burada Əkinçilik ETİ-də laboratoriya şəraitində xüsusi qulluq tədbirləri ilə cücərdilərək alınmış cücərtilərə kolxisin maddəsi ilə təsir edilərək gen sayı ikiyə bölünərək dihaploid toxumlar əldə olunmuşdu. Daha sonra bu toxumlar yenə laboratoriyada şitil halına gətirilərək açıq sahəyə köçürülmüşdü. Təcrübənin aparıldığı vaxt soyuq aylara təsadüf etdiyinə görə, əkin aparılan istixana polietilen örtüyü ilə bağlanmışdı. Vegetasiya dövründə şitillərə bütün aqrotexniki qulluqlar göstərilmiş, hər bitkinin öz-özü ilə tozlanma işləri aparılmışdı. Nəticədə, ilk dəfə ölkəmizdə tətbiq olunmuş Double haploid texnikası ilə 8 təmiz hibrid xətti əldə edilmişdir.

Bu xətlər üzərində 2020-ci ildə də institutda tədqiqat davam etdirilir. Hazırda tədqiqatı layihənin icraçısı Həlimə Məmmədova aparır.

“Xarici ekspertlər İ.Cerit və G.Çömertpayla mütəmadi olaraq tədqiqatın gedişatı haqqında məsləhətlər alırıq. Artıq alınmış xətlərin statistik analizləri aparılıb və toxumlar əkilib. Bu il xətlərin toxum sayının artırılması məqsədilə hər xəttin öz-özü ilə tozlanması aparılacaq. Bundan əlavə, xətlərin FAO-su (vegetasiya dövrü əkindən yığıma qədər), bitkinin morfoloji xüsusiyyətlərinin müşahidələri aparılacaq. Daha sonra layihə çərçivəsində ötən il boiotexnologiya laboratoriyasının qurulması üçün elan olunmuş tenderlə alınmış cihazlar və alınması nəzərdə tutulan praymer və reaktivlərlə növbəti mərhələnin həyata keçirilməsi nəzərdə tutulur. Bu il alınmış xətlərin genetik yaxınlıqlarını təsbit etmək üçün xüsusi testerlər vasitəsilə DNT markerlərlə analizlər aparılması planlaşdırılır. 2021-ci ildə biotexnoloji analizlər nəticəsində əldə edilmiş genetik yaxınlıqlar təsbit edildikdən sonra uzaq qohumluq dərəcəsi olan xətlər arasında ata və ana valideyn formaları seçiləcək və çarpaz tozlanma aparılaraq artıq F1 hibrid toxumları əldə ediləcək. Tədqiqatların nəticəsində 56 sayda hibrid qarğıdalı nümunələrinin alınması hədəflənir. Bu hibridlər arasında ən yaxşıları seçilərək dövlət reyestrinə təqdim olunacaq. Sonrakı mərhələdə reyestrdən keçəcək hibridlərin toxumçuluğu təşkil olunacaq və yaxın illərdə fermerlərimizə təqdim ediləcək. Bu isə gələcəkdə respublikada qarğıdalı hibrid toxumlarının istehsalına böyük təkan verəcək və əlbəttə ki, aldığımız hibridlər ölkənin hibrid qarğıdalı toxumundan asılılığını xeyli azaldacaq”, - deyə H.Məmmədova bildirib.

H.Məmmədova qeyd edib ki, Double haploid texnologiyası ilə çox sayda Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitlərinə, abiotik və biotik stress amillərinə dayanıqlı yeni qarğıdalı hibridləri əldə edilə bilər.

Qeyd edək ki, Double haploid texnologiyasının klassik seleksiya üsullarından fərqi, ilk növbədə, 7-8 ildə əldə oluna biləcək hibridlərin cəmi 2-3 ilə əldə olunmasındadır. İkinci üstün cəhəti isə alınan xətlərin tam genetik təmizliyidir. Bu isə yüksəkkeyfiyyətli hibrid materialının əldə edilməsi deməkdir.