AQRO

14 May

Cehiz yığanların NƏZƏRİNƏ - Yun qırxımı başlandı - FOTO

Qoyunçuluq Beyləqan rayonunda əsas təsərrüfat sahələrindən biridir. Bu sahə gəlirli olduğu üçün sürülərdə davarların baş sayı ilbəil artır. Hazırda rayonun təsərrüfatlarında 302 min başdan çox qoyun-keçi saxlanılır. Fermerlər qoyunların həm diri halda satışından, həm ətindən, həm də yunundan gəlir əldə edirlər. Təkcə ötən il Beyləqan rayonunda 596 ton yun istehsal olunub. Hazırda qoyunçuluqla məşğul olan fermerlər yun qırxımına başlayıblar.

Rayonun Dünyamalılar kənd sakini Münasib Zeynalovun təsərrüfatında 100 baş qoyun var. Təsərrüfat sahibi Fins.az-a bildirib ki, adətən qoyun qırxımına aprel ayında başlanılır. Hava şəraiti ilə əlaqədar olaraq bu il qoyun qırxımı ləngiyib. "Gün ərzində 25-30 qoyun qırxılır. Qoyunu qırxanda, rahat olur, kökəlir, yaxşı bala verir. Bizim qoyunların yunu təmiz və yumşaq olduğuna görə qohumlar, tanışlar cehiz üçün gəlib götürürlər. Daha çox respublikamızın cənub bölgəsindən gəlib yun alırlar", - deyə M.Zeynalov qeyd edib.

Qoyun qırxımının vaxtında aparılması ilə yanaşı, düzgün həyata keçirilməsi də önəmlidir. Əks halda təsərrüfatda tələfat ola bilər. Qoyunun qırxımını həyata keçirən Ruslan Ağayev bildirib ki, qapalı şəraitdə saxlanan qoyunlar ildə iki dəfə, otlağa çıxarılanlar isə bir dəfə qırxılır. "Təsərrüfat sahibinin istəyindən asılı olaraq qoyunlar aqreqat və qayçı ilə qırxılır. Qoyun ac olanda qırxılmalıdır. Çünki tox olanda qayçı zədələyə bilər, qarnı partlayar. Quzular mayda qırxılır. Qoyun qırxılıb təmizlənməlidir ki, rahat olsun, kökəlsin. Hər qoyundan 2-3 kiloqram yun çıxır".

Təsərrüfatçılar deyirlər ki, əvvəllər yunun satışında çətinlik yaşansa da, artıq bu məsələ də həllini tapır. Belə ki, Sumqayıt Kimya Sənaye Parkında “Azərxalça” ASC-nin Yunəyirici-boyaq fabriki inşa edilib. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Yunəyirici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması xalçaçılıqla yanaşı, heyvandarlığın da inkişafına öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.