AQRO

08 May

Saatlıda bu mövsüm 8 ton barama istehsalı nəzərdə tutulub

aatlıda baramaçılığın əvvəlki şöhrətinin qaytarılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ötən il 3 tondan çox barama istehsal edən rayon kümçüləri cari ildə məhsul istehsalını 8 tona çatdırmağı nəzərdə tutublar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, rayonda baramaçılığın inkişafına xüsusi diqqət yetirilir. Son 5 ildə ayrı-ayrı yaşayış məntəqələrində 149 min ədəd tut tingi əkilib. İpəkqurdu bəslənməsi üçün yeni-yeni tikililər inşa olunaraq ipəkçilərin ixtiyarına verilir və digər işlər görülür. Həyata keçirilən tədbirlər isə rayonda barama istehsalının ilbəil artmasına səbəb olur. Ötən il rayonda 52 ailə ilə müqavilə bağlanaraq onlara ödənişsiz ipəkqurdu toxumu paylanılıb və 3 ton 202 kiloqram məhsul istehsal olunub. İstehsal olunan baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tuturlar. Bunun üçün 200 qutu ipəkqurdu toxumu gətirilərək Saatlı şəhər, Azadkənd, Əliabad, Dəlilər və digər kəndlərdən olan 200 kümçüyə paylanılıb. Kümçülər yüksək məhsuldarlığa nail olmaq üçün ilk gündən ipəkqurdlarına nümunəvi qulluq edirlər.

Qeyd edək ki, ötən il kümçülər istehsal etdikləri baramanın 1 kiloqramından 9 manat qazanıblar.